Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 27 sentyabr – Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, eləcə də müəllim və tələbə heyəti iştirak edib.
Anım tədbirində Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün şəhər , kənd və qəsəbələrimiz düşmən tapdağından azad edilib. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Daha sonra Azərbaycanın qəhrəman oğulları, Vətən uğrunda canlarından keçən şəhidlərimiz: Polad Həşimov, İlqar Mirzəyev, Xudayar Yusifzadə, Əli Cəfərov, Kənan Quliyev, Camal İsmayılov, Gülverdi Qasımov, Muxtar Qasımlı, Səbuhi Əhmədov, Ramin Bayramov və digərlərinin qəhrəmanlıq dolu şanlı həyat yolu haqqında geniş məlumat verilib.
Ədəbi-bədii tədbirdə Vətən oğullarının igidliklərinə həsr olunmuş “Qarabağa gedirəm”, “Vətən oğlu”, “Şəhid”, “Ey Vətən”, “Şəhid anası” və s. şeir nümunələri səsləndirilib.
Ardınca Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolunu əks etdirən səhnəcik nümayiş etdirilib. Digər təqdim olunan “Əsgərə məktub” səhnəciyində isə yenilməz Azərbaycan əsgərlərinə ünvanlanmış məktublarda xalqın onlara bəslənən inamı, ümidi sonsuz məhəbbəti öz əksini tapıb.
Tədbir çərçivəsində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında “Qarabağ Azərbaycandır” devizi altında müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.