Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə akademiyanın tam orta təhsil pilləsinin müəllim və şagird heyəti iştirak edib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca isə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra BXA-nın şagirdlərinin təqdimatında 27 sentyabr-Anım Gününün təsis edilməsinin tarixi haqqında geniş məlumat verilib.
Daha sonra isə tam orta təhsil pilləsinin müəllimləri: Təranə İsmayılova və Nərgiz Qürbətova Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təcavüzə cavab olaraq Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladığı və bu haqq döyüşündə Azərbaycan tərəfinin qələbə çalması, torpaqlarımızın işğaldan azad edilmə tarixinin xronologiyası və bir sıra tarixi faktlar
sadalanıb.
Tədbir ərzində Vətən müharibəsi zamanı hərbi komandanlığın uğurla həyata keçirdiyi əməliyyatlarının strateji əhəmiyyətini özündə əks etdirən videoçarxlar nümayiş olunub.
Görüntülərdə həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri də öz əksini tapib.

