Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti təşkil edilib. Akademiyanın professor-müəllim heyəti, tələbələr və qonaqların iştirak etdiyi tədbirdə qadınların cəmiyyətin sosial-mədəni həyatında oynadığı mühüm rola həsr olunub.
Tədbirdə BXA-nın rəhbərliyi, professor-müəllim və tələbə heyəti, Yeni Azərbaycan Partiyasının xanım nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov və digər qonaqlar iştirak ediblər.
Konsert proqramı öncəsi çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Əməkdar artist Nailə Məmməd-zadə, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist, dosent Sənan Hüseynli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov və tədbirin ideya müəllifi və rejissoru BXA-nın Tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov çıxış edərək bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, Akademiyanın professor-müəllim heyətində təmsil olunan xanımların milli xoreoqrafiya sənətinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm xidmətlərindən bəhs ediblər. Çıxışlarda Azərbaycan qadınının cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, eləcə də mədəniyyət və incəsənətin tərəqqisində xüsusi rolu vurğulanıb. Həmçinin şəhid analarına dərin ehtiram ifadə olunaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla ölkənin bütün xanımlarına xoş arzular çatdırılıb.
Rəsmi hissədən sonra təqdim olunan konsert proqramında Bakı Xoreoqrafiya Akademiyasının nəzdində fəaliyyət göstərən “Bakının ulduzları” ansamblı, gənc ifaçılardan ibarət “Forte Strings” qrupu, eləcə də İncəsənət fakültəsinin tələbələri rəqs kompozisiyaları və musiqi nömrələri ilə çıxış ediblər. Tədbir çərçivəsində qadınlara həsr olunmuş şeirlər səsləndirilib, tematik videoçarxlar nümayiş etdirilib.
Konsert proqramı çərçivəsində həm yerli, həm də xarici incəsənət nümayəndələri Bakı Xoreoqrafiya Akademiyasının xanım əməkdaşlarının simasında bütün qadınları bayram münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar. Həmçinin Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov və Bakı Xoreoqrafiya Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Nişanə Qurbanovanın adından akademiyanın xanım əməkdaşlarına ünvanlanmış təbrik məktubu və gül çələngi təqdim olunub.
Qeyd edək ki, “Bakının ulduzları” ansamblının bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynlidir. Konsert proqramı çərçivəsində təqdim olunan rəqs kompozisiyalarının quruluşu Əməkdar artist Sənan Hüseynli və Tuncay Hüseynliyə məxsusdur.
Bayram konserti iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.





























