6 mart saat 12:00-da Bakı Xoreoqrafiya Akademiyasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti təşkil olunacaq.
Tədbir Akademiyanın tədris və yaradıcılıq fəaliyyətinin tərkib hissəsi olaraq, tələbələrin səhnə təcrübəsinin artırılması, onların peşəkar ifaçılıq bacarıqlarının inkişafı və bədii-estetik dünyagörüşünün formalaşdırılması məqsədi daşıyır. Konsert çərçivəsində Akademiyanın tələbələrinin ifasında klassik, milli və müasir xoreoqrafiya və musiqi nümunələri təqdim olunacaq.
Proqramda, eyni zamanda, tələbələrdən ibarət “Bakının ulduzları” ansamblı Bədii rəhbər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynli və gənc ifaçılardan ibarət “Forte Strings” kvarteti çıxış edəcək. Musiqi və rəqs sintezində qurulan səhnə kompozisiyaları tədbirə xüsusi bədii-estetik məzmun qazandıracaq.
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert qadınların cəmiyyətin sosial-mədəni həyatındakı roluna və incəsənətin inkişafındakı töhfələrinə ehtiramın ifadəsi olmaqla yanaşı, Akademiyanın yaradıcılıq potensialının və peşəkar hazırlıq səviyyəsinin nümayişi baxımından da əhəmiyyətlidir.

