20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Bakı Xoreoqrafiya Akademiyasında silsilə anım tədbirləri çərçivəsində Akademiyanın tam orta təhsil pilləsinin şagirdləri üçün “20 Yanvar: Dəyişən talelər” adlı film nümayişi təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd 1990-cı il yanvarın 20-də baş vermiş faciəvi hadisələrin tarixi-siyasi mahiyyətinin şagirdlərə çatdırılması, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin əhəmiyyətinin vurğulanması, habelə gənc nəslin milli yaddaş və vətənpərvərlik ruhunda formalaşdırılmasına töhfə verməkdən ibarət olub.
Nümayiş etdirilən film vasitəsilə 20 Yanvar faciəsinin başvermə səbəbləri, sovet totalitar rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı hərbi müdaxilə, dinc əhaliyə qarşı törədilmiş cinayətlər və bu hadisələrin Azərbaycan Respublikasının müstəqilliyə aparan yolunda oynadığı həlledici rol ətraflı şəkildə təqdim edilib. Film materiallarında faciə nəticəsində həyatları dəyişən insanların taleləri, xalqın birliyi və sarsılmaz iradəsi xüsusi vurğulanıb.
Film nümayişindən sonra mövzu ətrafında aparılan müzakirələr zamanı 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinin, həmin hadisələrin gənc nəsil tərəfindən unudulmamasının və tarixi dərslərin düzgün mənimsənilməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasında təhsilalanların milli-mənəvi dəyərlər əsasında tərbiyəsi, tarixi yaddaşın qorunması və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi məqsədilə bu cür maarifləndirici və anım xarakterli tədbirlərin keçirilməsi sistemli şəkildə davam etdirilir.









