Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 20 Yanvar hadisəsinin 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan xalqına qarşı törədilmiş cinayətə aparan yolun 1987-ci ildən başlandığı qeyd edilib. Anım tədbirində bildirilib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqına və ümumən insanlığa qarşı həyata keçirilən terror aktıdır və yanvarın 19-dan 20-nə keçən gecə birbaşa SSRİ-nin rəhbəri Mixail Qorbaçov göstərişi ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən qoşun nəticəsində 131 nəfəri amansızlıqla qətlə yetirlib, 744 nəfər yaralanıb.
Anım tədbirində həmçinin qeyd edilib ki, baş verənlərdən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu qətliamı kəskin şəkildə pisləyib, dinc xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd adlandırıb.
Sonda tam orta təhsil pilləsinin şagirdlərinin ifasında 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, həmin gün baş verənlərlə bağlı video rolik nümayiş olunub.