Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, professor Şuxrat Toxtasimov Bakı Xoreoqrafiya Akademiyasında (BXA) qonaq olub.

Akademiyada qonaq olan Şuxrat Toxtasimovu BXA-nın rəhbərliyi qarşılayıb və tərəflər arasında dostluq çərçivəsində görüş keçirilib.

Görüş zamanı Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyası və BXA arasında gələcək əməkdaşlıq barədə müzakirə aparılıb. Müzakirənin sonunda isə hər iki təhsil müəssisəsi arasında əməkdaşlıq sazişi imzalanıb.
Saziş təhsil müəssisələrinin mədəniyyət, elm, təhsil, o cümlədən, ictimai təşkilatlar və yaradıcı birliklər vasitəsilə əlaqələrin genişləndirilməsinə, beynəlxalq əməkdaşlıq vasitəsilə peşə təhsilinin nəzəriyyəsi və təcrübəsinin keyfiyyətinin artırılmasına töhfə verəcək. Eyni zamanda, xüsusi fənlər üzrə peşəkar təhsil və təcrübə keçmək üçün razılaşdırılmış sayda tələbələrin mübadiləsi, təhsil müəssisələrində öz xalqlarının tarixi və mədəniyyəti üzrə kursların keçirilməsi təşviq ediləcəkdir. Bu məqsədlə xoreoqrafiya sənəti sahəsində mühazirələr oxumaq, seminarlar keçirmək və digər maarifləndirici tədbirlərin həyata keçirilməsi üçün müvafiq mütəxəssislər dəvət olunacaq. Tərəflər bir birini keçirdikləri və qarşılıqlı maraq doğuran beynəlxalq konfranslar, seminarlar, forumlar, festivallar, müsabiqələr, eləcə də konsert tədbirləri haqqında müntəzəm məlumatlandıracaqlar.
Qeyd edək ki, Ş.Toxtasimov “Xoreoqrafiya sənəti” ixtisası üzrə 2022/2023-cü tədris ilinin məzunlarının yekun dövlət imtahanlarında sədrlik etmək üçün akademiya tərəfindən dəvət olunub.