Orig

13 yanvar 2026-cı il tarixində Akademik Musiqili Teatrın səhnəsində Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə P.İ. Çaykovskinin dünya şöhrətli “Şelkunçik” baleti nümayiş olundu. Tamaşada Akademiyanın tam orta təhsil pilləsinin şagirdləri, orta ixtisas (kollec) və bakalavr təhsil pilləsinin tələbələri iştirak edərək klassik balet ənənələrinin davamlılığını və yüksək peşə hazırlığını nümayiş etdirdilər.
Xeyirlə şərin mübarizəsi, sehrli xəyallar aləmi və Yeni il ovqatı ilə zəngin olan bu klassik balet Mari və cəsur Şelkunçikin Şəkər ölkəsinə səyahətindən bəhs edir. Səhnə əsərində İspan, Ərəb, Rus və Çin rəqsləri, eləcə də “Çiçəklərin rəqsi” klassik balet estetikasının zənginliyini əks etdirir, finalda isə Şelkunçik şahzadə ilə Şəkər Pərisinin duet rəqsi tamaşanın kulminasiya nöqtəsini təşkil edir.
Layihənin əsas məqsədi klassik balet irsinin təbliği, gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılması və ümumilikdə xoreoqrafiya sənətinin inkişafına töhfə verməkdir.

 

Comments are disabled