5337027560489031000

Azərbaycan musiqi mədəniyyətinin inkişafında silinməz iz qoymuş görkəmli bəstəkar, musiqişünas, pedaqoq, respublikanın Xalq artisti, professor Əşrəf Abbasovun anadan olmasının 106-cı ildönümü münasibətilə onun zəngin yaradıcılıq irsini bir daha ehtiramla yad edirik.

1920-ci il martın 23-də Azərbaycanın musiqi beşiyi sayılan Şuşa şəhərində dünyaya göz açan Əşrəf Abbasov hələ erkən yaşlarından milli musiqi mühitinin təsiri ilə formalaşmışdır. İlk musiqi təhsilini Şuşa musiqi məktəbində tar ixtisası üzrə alan gənc Əşrəf, qısa zamanda yaradıcılığa meyl göstərərək kiçikhəcmli pyeslər bəstələməyə başlamışdır. Onun fitri istedadını ilk qiymətləndirən dahi bəstəkar Üzeyir Hacıbəyli olmuş, 1936-cı ildə onu Bakıya dəvət edərək peşəkar musiqi təhsili almasına şərait yaratmışdır. Bu görüş və sonrakı illərdəki sıx ünsiyyət Əşrəf Abbasovun yaradıcılıq dünyasının formalaşmasında həlledici rol oynamışdır.

O, Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, daha sonra isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Bu illər ərzində klassik irsi dərindən mənimsəyən bəstəkar, milli musiqi ənənələri ilə müasir kompozisiya üsullarını üzvi şəkildə sintez edərək özünəməxsus üslub formalaşdırmışdır.

Əşrəf Abbasovun yaradıcılığı janr zənginliyi və yüksək peşəkarlığı ilə seçilir. O, simfonik musiqidən səhnə əsərlərinə, instrumental və vokal janrlara qədər geniş sahəni əhatə edən əsərlər müəllifidir. Bəstəkarın simfonik orkestr üçün yazdığı “Konsertino”, “Şuşa”, “Gələcək gün”, “Dramatik poema” kimi əsərləri milli musiqi xəzinəmizin qiymətli incilərindəndir. Onun tələbəlik illərində bəstələdiyi “Rəqs süitası” isə hələ 1944-cü ildə böyük uğur qazanaraq geniş ictimaiyyətin diqqətini cəlb etmişdir.

Bəstəkarın yaradıcılığının zirvələrindən biri olan “Qaraca qız” baleti Azərbaycan musiqi tarixində xüsusi yer tutur. Bu əsər ölkəmizdə uşaqlar üçün yazılmış ilk balet olmaqla yanaşı, milli xoreoqrafiya ilə klassik balet ənənələrinin uğurlu sintezinin parlaq nümunəsidir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində 1968-ci ildə tamaşaya qoyulan bu balet, görkəmli yazıçı Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında hazırlanmış, librettosu isə Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmışdır. Əsər yalnız uşaqlar üçün deyil, geniş tamaşaçı auditoriyası üçün də yüksək bədii-estetik dəyərə malikdir.

Əşrəf Abbasovun musiqili komediyaları – “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” – səhnə musiqisinin parlaq nümunələri kimi uzun illər teatr repertuarında yer almışdır. Bu əsərlərdə bəstəkar obrazların daxili aləmini, süjetin dramatik xəttini musiqinin ifadə imkanları ilə ustalıqla açmışdır.

Onun vokal yaradıcılığı da xüsusi qeyd olunmalıdır. Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mikayıl Müşfiq, Abdulla Şaiq kimi klassik və müasir şairlərin sözlərinə bəstələdiyi romans və mahnılar – “Heyran olmuşam”, “Gözəl yar”, “Qurban olduğum”, “Oxu, bülbülüm”, “Qarabağın qızları”, “Ceyranım gəl” – dərin lirizmi və emosionallığı ilə seçilərək bu gün də sevilə-sevilə ifa olunur.

Əşrəf Abbasov yalnız bəstəkar kimi deyil, həm də musiqişünas alim kimi Azərbaycan musiqi elminə mühüm töhfələr vermişdir. O, 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyli və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsi almış və bu sahədə Azərbaycan bəstəkarları arasında ilk olmuşdur. Onun elmi məqalələri və tədqiqatları milli musiqi nəzəriyyəsinin inkişafına mühüm təsir göstərmişdir.

Pedaqoji fəaliyyətində də böyük xidmətləri olan Əşrəf Abbasov müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmış, bir neçə nəsil peşəkar musiqiçi və bəstəkarın yetişməsində mühüm rol oynamışdır. O, həmçinin uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü kimi fəal ictimai fəaliyyət göstərmişdir.

1992-ci ildə Bakı şəhərində vəfat edən böyük sənətkarın adı Azərbaycan musiqi tarixində əbədi yaşayır. Onun zəngin və çoxşaxəli yaradıcılığı bu gün də milli musiqimizin inkişafına xidmət edir, yeni nəsil sənətkarlar üçün ilham mənbəyi olaraq qalır.

Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim heyəti, milli musiqi və səhnə sənətimizin inkişafına misilsiz töhfələr vermiş Əşrəf Abbasovun əziz xatirəsini dərin ehtiramla yad edir, onun zəngin sənət irsinin qorunaraq sistemli şəkildə öyrənilməsinin və gələcək nəsillərə elmi-nəzəri əsaslarla ötürülməsinin zəruriliyini xüsusi olaraq vurğulayır.

Comments are disabled