Hörmətli dostlar, dəyərli televiziya işçiləri!
Azərbaycan milli mətbuat və informasiya məkanının ayrılmaz tərkib hissəsi olan Azərbaycan Televiziyasının yaranmasının 70 illik yubileyi və televiziya işçilərinin peşə bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirik.
Bu illər ərzində Azərbaycan Televiziyası xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının güzgüsünə çevrilmiş, milli dəyərlərimizin qorunması, dilimizin, ədəbiyyatımızın, musiqimizin və incəsənətimizin təbliği istiqamətində misilsiz xidmətlər göstərmişdir. Televiziya təkcə informasiya vasitəsi deyil, həm də milli yaddaşın formalaşdırıcısı, cəmiyyətlə dövlət arasında etibarlı körpü, gələcək nəsillərin dünyagörüşünün zənginləşdirilməsində mühüm platformadır.
Bu gün Azərbaycan televiziya məkanı peşəkar jurnalistlərin, rejissorların, operatorların, ssenaristlərin və texniki heyətin fədakar əməyi sayəsində daim inkişaf edir, müasir texnologiyaların tətbiqi ilə yeni keyfiyyət mərhələsinə yüksəlir. Xüsusilə mədəniyyət və incəsənət sahəsində həyata keçirilən layihələr, televiziya tamaşaları, sənədli filmlər və konsert proqramları milli-mənəvi sərvətlərimizin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır.
Bakı Xoreoqrafiya Akademiyası kolloktivi olaraq biz də televiziya məkanının incəsənətin təbliğindəki rolunu yüksək qiymətləndiririk. Rəqs sənətinin, milli və klassik xoreoqrafiya nümunələrinin ekran vasitəsilə təqdim olunması istedadlı gənclərin tanınmasına, sənətə marağın artmasına və milli mədəni irsin yaşadılmasına mühüm töhfə verir. Televiziya ilə incəsənət arasında formalaşmış yaradıcı əməkdaşlıq cəmiyyətin estetik zövqünün inkişafına xidmət edir.
Əminik ki, 70 illik şərəfli yol keçmiş Azərbaycan Televiziyası bundan sonra da milli maraqlara sədaqətlə xidmət edəcək, obyektivlik, peşəkarlıq və vətənpərvərlik prinsiplərini rəhbər tutaraq informasiya məkanımızın aparıcı qüvvəsi olaraq qalacaqdır.
Bu əlamətdar gün münasibətilə bütün televiziya işçilərinə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, yeni uğurlar və nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Bakı Xoreoqrafiya Akademiyasının kollektivi

