Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “İz” sənədli filmi nümayiş olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən akademiyanın tarix müəllimi Nərgiz Həsənova ümummilli liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm fəaliyyətindən, milli təhsil sisteminin inkişafına, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasına göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Bildirilib ki, Heydər Əliyevin zəngin siyasi və mənəvi irsi müasir Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biridir.
Sonra akademiyanın şagirdləri tərəfindən ümummilli liderə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirin davamında nümayiş etdirilən “İz” sənədli filmində ulu öndərin həyat və fəaliyyəti, Azərbaycanın ictimai-siyasi və mədəni inkişafı naminə həyata keçirdiyi mühüm xidmətlər geniş şəkildə əks olunub. Filmdə, həmçinin Heydər Əliyevin Azərbaycan xalqının rifahı və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər xüsusi vurğulanıb.
Tədbirin əsas məqsədinin gənc nəslə ümummilli liderin zəngin irsinin aşılanması, milli dövlətçilik ənənələrinin təbliği və vətənpərvərlik dəyərlərinin təşviqi olduğu bildirilib.




