Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsində bu gün keçirilən ilk dərslər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.
Dərslər zamanı şagirdlərə ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyət, milli-mənəvi dəyərlərin qorunması və inkişafı sahəsindəki misilsiz xidmətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişaf strategiyasının formalaşmasında Heydər Əliyevin müstəsna rolu olub.
Dərslərdə ümummilli liderin Azərbaycan təhsilinin inkişafına, milli mədəniyyətin və incəsənətin təşviqinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Qeyd olunub ki, ulu öndərin müəyyənləşdirdiyi dövlətçilik və milli inkişaf kursu bu gün də uğurla davam etdirilir, ölkəmizdə təhsil və mədəniyyət sahələrinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.
Şagirdlərlə keçirilən müzakirələrdə Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Tədbirin əsas məqsədinin məktəblilərdə milli dövlətçilik ənənələrinə hörmət hissinin gücləndirilməsi, tarixi yaddaşın qorunması və ümummilli dəyərlərin təbliği olduğu bildirilib.










