Bakı Xoreoqrafiya Akademiyasının pedaqoji heyətinin üzvü, Azərbaycan Respublikasının əməkdar artisti Alsu Gimadiyevanın beynəlxalq akademik fəaliyyət istiqamətində növbəti uğurlu təşəbbüsü reallaşmışdır. Hal-hazırda Moskva Dövlət İncəsənət İnstitutunun magistratura pilləsində təhsilini davam etdirən sənətkar tərəfindən həmin ali təhsil müəssisəsinin Xoreoqrafiya fakültəsində “Xalq rəqsləri” ixtisası üzrə təhsil alan II kurs tələbələri üçün ustad dərsi təşkil edilmişdir.
Ustad dərsi xoreoqrafiya sənətinin nəzəri və praktiki aspektlərinin vəhdətini əhatə etməklə, tələbələrin peşəkar bacarıqlarının inkişafına yönəlmişdir. Dərs çərçivəsində Azərbaycan milli rəqs irsinin incilərindən biri hesab olunan “Sarı gəlin” musiqisi əsasında rəqs kompozisiyası hazırlanmışdır. Alsu Gimadiyeva tərəfindən təqdim olunan metodiki yanaşma, milli rəqs plastikasının incəliklərinin, musiqi ilə hərəkət harmoniyasının və səhnə ifadəliliyinin yüksək səviyyədə izahı ilə yadda qalmışdır.
Tədris prosesində tələbələrə yalnız texniki elementlər deyil, eyni zamanda Azərbaycan xalq rəqslərinin estetik xüsusiyyətləri, tarixi kökləri və emosional məzmunu barədə geniş məlumat verilmişdir. Bu yanaşma tələbələrin milli rəqs mədəniyyətinə daha dərindən yiyələnməsinə və onu səhnədə dolğun şəkildə təqdim etmə bacarıqlarının formalaşmasına mühüm töhfə vermişdir.
Qeyd edək ki, belə ustad dərsləri beynəlxalq təhsil mühitində mədəni mübadilənin genişlənməsinə, Azərbaycan xoreoqrafiya sənətinin təbliğinə və gənc ifaçıların peşəkar inkişafına xidmət edir. Bakı Xoreoqrafiya Akademiyası əməkdaşlarının belə təşəbbüslərini daim yüksək dəyərləndirir və onların beynəlxalq səviyyədə əldə etdikləri uğurları fəxarət hissi ilə qeyd edir.
Video link:
https://www.youtube.com/watch?v=XHa37maL3dQ









