Azərbaycan balet sənətinin görkəmli nümayəndəsi, parlaq səhnə ifaçılığı və çoxillik pedaqoji fəaliyyəti ilə milli xoreoqrafiya məktəbinin inkişafında mühüm xidmətlər göstərmiş Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Xudadat qızı Şirəliyevanın vəfatından bir il ötür.
8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olan Tamilla Şirəliyeva 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş və elə həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində yüksək peşəkarlığı, ifadəli plastika dili, zərif səhnə mədəniyyəti və dramatik obraz yaratmaq bacarığı ilə seçilən sənətkar Azərbaycan balet məktəbinin ən parlaq simalarından birinə çevrilmişdir.
Onun yaratdığı səhnə obrazları milli və dünya balet irsinin ən gözəl nümunələrini əhatə edirdi. Tamilla Şirəliyeva Əşrəf Abbasovun “Qaraca qız” baletində Qaraca qız, Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində Gülyanaq, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Məhmənəbanu, Qara Qarayevin “Yeddi gözəl” baletində Ayişə, eləcə də Pyotr Çaykovskinin “Qu gölü” baletində Odetta–Odilliya kimi mürəkkəb və yüksək texniki ustalıq tələb edən partiyaları böyük sənətkarlıqla ifa etmişdir. O, həmçinin Lüdviq Minkusun “Paxita”, Fikrət Əmirovun “Min bir gecə” baletində Şəhrizad və digər klassik və milli repertuar nümunələrində yaddaqalan səhnə obrazları yaratmışdır.
Tamilla Şirəliyevanın yaradıcılığı yalnız ifaçılıq fəaliyyəti ilə məhdudlaşmamışdır. O, baletmeyster kimi də bir sıra səhnə əsərlərinə quruluş vermiş, Tofiq Bakıxanovun “Xeyir və Şər”, “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət” baletləri və Niyazinin “Rast” muğam-baletinin səhnə taleyində mühüm rol oynamışdır.
1977-ci ildən etibarən pedaqoji fəaliyyətə başlayan sənətkar uzun illər ərzində milli balet məktəbinin inkişafına xidmət etmiş, gənc ifaçı nəslinin yetişməsinə böyük töhfə vermişdir. Onun sənətə bağlılığı, yüksək peşə prinsipləri və səhnə mədəniyyəti bir çox gənc balet artistləri üçün örnək olmuşdur.
Sənət sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş Tamilla Şirəliyeva 1970-ci ildə “Əməkdar artist”, 1978-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüş, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif edilmiş, 2006-cı ildə isə “Şöhrət” ordeni ilə mükafatlandırılmışdır.
Tamilla Şirəliyevanın yaradıcılığı Azərbaycan balet sənətinin inkişaf tarixində mühüm mərhələ təşkil edir. Onun yaratdığı səhnə obrazları, yetişdirdiyi sənətkarlar və xoreoqrafiya sənətinə verdiyi töhfələr milli mədəniyyətimizin yaddaşında daim yaşayacaqdır.
Bakı Xoreoqrafiya Akademiyası görkəmli balerinanın əziz xatirəsini dərin ehtiramla yad edir.
Allah rəhmət eləsin!

