Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin qiyabi şöbəsinə qəbul ötən tədris ilindən bərpa olunub və hazırda 9 nəfər tələbəmiz I kursda qiyabi formada təhsilini davam etdirir. Tələbələrimizdən 1-i baletmeyster ixtisası, digərləri isə milli rəqs ixtisası üzrə təhsil alır.
-Hazırda Akademiyada hansı ixtisaslar üzrə qiyabi təhsil almaq mümkündür?
Əyani təhsil formasında musiqi ixtisaslarından savayı, xoreoqrafiya üzrə mövcud olan bütün ixtisaslar üzrə qiyabi təhsil formasında təhsil almaq mümkündür. Buna misal olaraq, milli və müasir rəqs, klassik rəqs, baletmeyster sənəti ixtisaslarını göstərə bilərik.
-Bəs keçid balı üzrə hansısa, standartlar mövcuddurmu?
Əyani təhsil formasından fərqli olmayaraq, qiyabi şöbəyə də qəbul ümumi olaraq minimum 30 bal təşkil edir. Deyə bilərəm ki, ölkəmizdə fəaliyyət göstərən universitetlər arasında ən aşağı balla ali təhsil pilləsinə qəbul məhz bizim akademiyamızda aparılır. Bu da onun göstəricisidir ki, BXA-da öncə nəzərə alınan əsas meyar tələbənin xoreoqrafiya sahəsində sahib olduğu bacarıq və qabiliyyətidir.
-Sənan müəllim, qiyabi təhsil alan tələbələrin praktik qabiliyyətlərini inkişaf etdirmək üçün hansı addımlar atılır?
Əyani təhsildən fərqli olaraq qiyabi təhsilin tədris müddəti 5 ildir. Tədris ilinin uzanması dərs yükünün bərabərləşməsinə imkan yaradır. Təcrübə müddəti isə sonuncu kursda aparılır. Həmçinin bu tələbələr artıq öz professional bacarıqlarını çalışdıqları istənilən dövlət və ya professional kollektivlərində göstərmiş olur. Ən əsası onu qeyd etmək istəyirəm ki, artıq təhsilin qiyabi şöbəsinə qəbul üçün ən azı 3 il professional kollektivdə təcrübə keçmiş abituriyentlər götürülür. Əvvəllər isə heç bir təcrübəsi olmayanlar da qiyabi şöbəyə sənədlərini verə bilərdi. İndi isə abituriyentlər çalışdıqları təşkilatdan orada işlədiklərini sübut edən arayışı DİM-ə təqdim edərək, qeydiyyatdan keçirlər. Yəni, bu o deməkdir ki, BXA-nın İncəsənət fakültəsinin qiyabi şöbəsinə qəbul olan tələbələrin hamısı artıq professionaldır.