Eynullayev Tahir Ramiz oğlu

Orta ixtisas təhsili pilləsinin direktoru, rəqqas-xoreoqraf

Qısa bioqrafik məlumat

Doğum yeri və tarixi:

Azərbaycan, Bakı. 07.01.1975

Təhsili:  

1993-cü ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1999-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2002-2004-cü illərdə Sankt-Peterburq Dövlət Teatr Akademiyasının rejissor-baletmeyster ixtisası üzrə aspiranturanı bitirib. 2022-ci  ildə Sankt – Peterburq şəhərində dissertasiyasını müdafiə edib və  “Sənətşünaslıq namizədi” elmi adı alıb. 

Əmək fəaliyyəti:

1996-cı ildən Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müəllimi, 2010-ci ildən 2021-ci ilədək, şöbə müdiri kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında, Dövlət Rəqs ansamblında, R.Behbudov adına Dövlət Mahnı teatrında işləyib. 2004-2010-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə hərəkəti və Xoreoqrafiya  sənəti kafedrasında müəllim vəzifəsində çalışıb. “Lenkonsert” konsert birliyində solist-rəqqas kimi işləyib, bir çox dövlət, xeyriyyə, bayram və seçkiqabağı konsertlərində yaxındam iştirak edib. Sankt-Peterburqda  Azərbaycan Respublikasının Fəxri Konsulluğunda mədəniyyət üzrə fəxri konsulun köməkçisi vəzifəsində çalışıb. İşlədiyi müddət “Çinar” rəqs ansamblını yaradıb, həmçinin Teatr Akademiyasının tədris teatrında Beynəlxalq Rəqs günü münasibəti ilə 29 aprel 2004-cü ildə solo və diplom işi ilə konsert proqramı ilə çıxış edib. Müxtəlif  Dövlət teatrlarınıın tamaşalarında baletmeyster kimi çalışıb: İrəvan Azərbaycan Dövlət teatrında Molyerin “Məcburən Doktor” komediyası; Azərbaycan Dövlət Rus Dram teatrında Nizaminin  “7 gözəl” tamaşası; Yaradıcılıq birliyinin Sönməyən Ulduzlar teatrında Ü.Hacıbəylinin “Ər və arvad” tamaşası və s.  2016-cı ildə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında Tahir Eynullayev  öz Benefis müzikl tamaşasının premyerasını təqdim edib və rəsmən səhnə fəaliyyətini bitirib.  1993-cü ildən hazırkı günə qədər müxtəlif televiziya çəkilişlərində də iştirak edir.

Mükafat və təltifləri:

1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən “Gənc istedadlar” beynəlxalq müsabiqəsində laureat adını qazanıb.  1996-cı ildə İsveçdə keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görülüb. Azərbaycan Respublikası Təhsil İşçiləri və Tələbələrin Xeyriyyə fondunun və Azərbaycan Dövlət Teleradio şirkətinin, təhsildə və sənətdə əldə etdiyi uğurlarına görə Fəxri Fərmanla təltif olunub. 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsilin inkişafındaki xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə” Fəxri Fərmanla təltif olunub. 

Elmi nəşrləri:

Tahir Eynullayev bir neçə rəqs kitablarının müəllifidir və müxtəlif tədris bülletenlərində məqalələri dərc olunub.