DOKTORANTURAYA QƏBUL QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR

Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar elmi kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.

Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.

FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ DOKTORANTURAYA QƏBUL QAYDALARI

1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

2. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

3. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

kadrların şəxsi-qeydiyyat vərəqi;

tərcümeyi-hal;

2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

iş yerindən xasiyyətnamə;

iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

şəxsiyyəti təsdiq edən sənədin surəti.

4. Sənədlərin qəbulu forması, qaydaları, tələbə qəbulu və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində qəbulu həyata keçirən müəssisə tərəfindən müvafiq elan verilir.

5. Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilir.

6. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

7. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

8. Fəlsəfə fənni üzrə imtahan doktoranturaya qəbulu həyata keçirən ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların tabe olduqları müvafiq qurumlar tərəfindən müəyyən olunmuş ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlarda həyata keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

9. İxtisas fənnindən qəbul imtahanı keçirmək məqsədi ilə ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.

ELMLƏR DOKTORU HAZIRLIĞI ÜZRƏ DOKTORANTURAYA QƏBUL QAYDALARI

1. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

2. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

kadrların şəxsi-qeydiyyat vərəqi;

tərcümeyi-hal;

2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

iş yerindən xasiyyətnamə;

əmək kitabçasından çıxarış;

çap olunmuş elmi işlərin siyahısı;

Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

şəxsiyyəti təsdiq edən sənədin surəti.

DİSSERTANTLIQ YOLU İLƏ YÜKSƏKİXTİSASLI ELMİ KADRLARIN HAZIRLANMASI

1. Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda çalışan mütəxəssislərin istehsalatdan ayrılmamaqla, elmi dərəcənin alınması üçün təhkim olunmaqla, dissertasiya işinin yerinə yetirilməsini təmin edir.

2. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

3. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant olmaq hüququna malik deyillər.

4. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil almaq hüququna malik deyillər.

5. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

6. Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:

ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

kadrların şəxsi-qeydiyyat vərəqi;

tərcümeyi-hal;

2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

iş yerindən xasiyyətnamə;

əmək kitabçasından çıxarış;

çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

Elmlər doktoru” elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

şəxsiyyəti təsdiq edən sənədin surəti.

6.1. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) qəbul imtahanı verirlər.

Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN DOKTORANTURADA VƏ DİSSERTANTLIQ YOLU İLƏ TƏHSİL ALMAQ HÜQUQU

1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.12-ci maddəsinə əsasən, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramına, Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır.

3. Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.

4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili” fənnindən əlavə doktorluq imtahanı verirlər.

5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.