Bu gün milli balet tariximizin parlaq simalarından biri, SSRİ Xalq artisti, görkəmli balerina, baletmeyster və pedaqoq Leyla Məhəd qızı Vəkilovanın anadan olmasının ildönümüdür.
1927-ci il yanvarın 29-da Bakıda dünyaya gələn Leyla Vəkilova səkkiz yaşından Bakı Xoreoqrafiya Məktəbində balet sənətinin incəliklərini öyrənmiş, Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti kimi səhnədə silinməz iz qoymuşdur. Onun “Qız qalası”, “Qu gölü”, “Yeddi gözəl”, “Jizel”, “Don Kixot” və digər klassik və milli baletlərdə yaratdığı obrazlar Azərbaycan balet məktəbinin qızıl fonduna daxildir.
Leyla Vəkilova milli balet məktəbinin formalaşmasında, Azərbaycan səhnə mədəniyyətinin dünya miqyasında tanıdılmasında misilsiz xidmətlər göstərmiş sənətkardır. Onun zəngin yaradıcılığı Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində klassik və milli baletlərin ən parlaq obrazları ilə yadda qalmış, beynəlxalq qastrol səfərlərində ölkəmizi layiqincə təmsil etmişdir.
Leyla Vəkilova təkcə böyük səhnə ustası deyil, eyni zamanda ömrünü gənc nəslin yetişməsinə həsr etmiş fədakar pedaqoq idi. 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqs fənnini tədris etmiş və həmin tədris ocağının bədii rəhbəri kimi yüzlərlə peşəkar balet artistinin formalaşmasında mühüm rol oynamışdır. Onun yetirmələri bu gün də Azərbaycanın və dünyanın aparıcı səhnələrində milli balet sənətini uğurla təmsil edirlər.
Leyla Vəkilovanın sənəti, pedaqoji irsi və milli baletimizin inkişafındakı misilsiz xidmətləri bu gün də yaşayır və Bakı Xoreoqrafiya Akademiyasında yetişən gənc rəqqas və balerinalar tərəfindən davam etdirilir.
Leyla Vəkilovanın əziz xatirəsini ehtiramla yad edirik.
Sənətiniz və adınız Azərbaycan mədəniyyətində daim yaşayacaq.
Video link:
https://www.youtube.com/watch?v=ZBkGh4ODYac

