ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 Dünya şöhrətli balet artisti Nikolay Tsiskaridze Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsi keçmişdir

   27.11.2017

    Ötən həftə Azərbaycanın mədəni həyatında böyük hadisə ilə yadda qalmışdır. Sankt-Peterburqdakı A.Y. Vaqanova adına Rus Baleti Akademiyasının rektoru, Rusiya Federasiyasının xalq artisti, dünya şöhrətli balet artisti Nikolay Tsiskaridze Azərbaycana səfəri çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olmuşdur.
   İlk öncə mötəbər qonağı Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev qəbul etdi. Rəsmi görüşdə professor T. Əfəndiyev xatırladı ki, hələ keçən il N. Tsiskaridzenin rektor olduğu Rus Baleti Akademiyası ilə imzalanmış müqaviləyə əsasən tədris səviyyəsinin qaldırılması məqsədi ilə Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Rus Baleti Akademiyasında, qarşı tərəfin müəllimləri isə BXA-da təcrübə mübadiləsində iştirak etmişlər. Bundan əlavə Bakı Xoreoqrafiya Akademiyasının kitabxanasına Tsiskaridzenin imzası ilə çoxlu sayda kitab, dərslik, dərs vəsaitləri və tədris proqramları hədiyyə edilmişdir. T. Əfəndiyev qeyd etdi ki, bunları və nəhayət ki, BXA-da Tsiskaridzenin ustad dərsi keçmək arzusunu nəzərə alaraq, Akademiyanın Elmi Şurasının qərarı ilə o, Bakı Xoreoqrafiya Akademiyasının Fəxri professoru adına layiq görülmüşdür. Bu münasibətlə T. Əfəndiyev rəsmi sənəd olan Fəxri professor diplomunu N. Tsiskaridzeyə təqdim etdi. Qonaq öz minnətdarlığını bildirərək, bu fəxri adın onun üçün böyük şərəf olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan xoreoqrafiya sənəti ənənələri ona çox yaxşı məlumdur və Azərbaycan xoreoqrafiya məktəbinin yetirmələri bu gün dünyanın ən aparıcı xoreoqrafiya üzrə təhsil ocaqlarında və səhnələrində uğurla çalışırlar. N. Tsiskaridze ayrıca vurğuladı ki, Rusiyada Azərbaycan əsilli və Bakı Xoreoqrafiya Akademiyasının məzunları olan balet artistləri kifayət qədərdir. Onlar Rusiyanın müxtəlif şəhərlərində hətta rəhbər vəzifələrdə də fəaliyyət göstərirlər. Həmçinin N. Tsiskaridze bildirdi ki, Rus Baleti Akademiyası 2018-ci ildə Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçiriləcək Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsində yaxından iştirak edəcəkdir.
   Rəsmi görüşdə akademiyalararası əməkdaşlığın genişləndirilməsinin zəruriliyi, müəllim-tələbə mübadiləsi və stajçekmə, tədris proqramlarının təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanaraq, tez bir zamanda birgə elm, təhsil və yaradıcılıq layihələrinin həyata keçiriləcəyi barədə razılıq əldə edildi.
   Professor T. Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyası tərəfindən nəşr edilən və fəxri qonağın redaksiya heyətində yer aldığı Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər siyahısına daxil olan “Sənət akademiyası” elmi nəzəri jurnalını N. Tsiskaridzeyə təqdim etdi.
   Rəsmi görüşdən sonra BXA-nın prorektorları, professor-müəllim və tələbə heyəti ilə görüşən N. Tsiskaridze, Akademiyanın müxtəlif təhsil pillələrində təhsil alan klassik şöbənin tələbələrinin iştirakı ilə ustad dərsi keçdi. Dərs zamanı qonaq klassik rəqs və balet sənətinin sirləri barədə nəzəri və daha çox praktik məqamlardan danışdı. Hərəkətlər, qamət, duruş, mövqe və digər vacib elementləri nümayiş etdirən N. Tsiskaridze, müəllimlərə də öz tövsiyələrini verdi. Ümumiyyətlə, qonaq və iştirakçılar ustad dərsini çox yüksək qiymətləndirdilər. Ustad dərsinin sonunda qonaq bu cür görüşlərin mütəmadi olacağına ümidvarlığını bildirərək, rəhbərlik etdiyi Rus Baleti Akademiyasının aparıcı müəllimlərinin Bakı Xoreoqrafiya Akademiyasına təcrübi və metodik köməklik göstərəcəyini bildirdi. Dərsdən sonra qonaq ona ünvanlanmış suallara cavab verdi. Görüşün sonunda xatirə şəkilləri çəkildi.