ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 USTAD DƏRSLƏR



Xoreoqrafiya Akademiyasında Bolqar mütəxəssisi ustad dərsləri keçib.


21.05.2019



Stara Zagora” (Bolqarıstan) opera teatrının rejissoru və baş bədii rəhbəri, beynəlxalq mükafatlar laureatı Silviya Tomova akademiyanın dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) şagird və tələbələri üçün ustad dərsləri keçib.
Stara Zagora” (Bolqarıstan) opera teatrının rejissoru və baş bədii rəhbəri, beynəlxalq mükafatlar laureatı Silviya Tomova akademiyanın dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) şagird və tələbələri üçün ustad dərsləri keçib.
Şagird və tələbələr tərəfindən maraqla qarşılanan dərslər aktiv şəkildə davam edib.
Ustad dərsləri çərçivəsində Silviya Tomovanın BXA rəhbərliyi ilə də görüşü keçirilib. Görüşdə ustad dərsləri barədə fikir mübadiləsi və xoreoqrafla gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.
Daha sonra S. Tomova Bolqarıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovun akademiyaya səfəri zamanı baş tutan görüşdə də iştirak edib və BXA haqqında müsbət fikirlər səsləndirərək akademiyada tədris və yaradıcılıq üçün münbit şəraitin yaradıldığını qeyd edib. S. Tomova həmçinin Azərbaycanın görkəmli balerinası, SSRİ-nin Xalq artisti Qəmər Almaszadənin tələbəsi olmuş Roza Xuda Qulinin xeyli müddət Bolqarıstan Respublikasının Varna şəhərində balet məktəbinə rəhbərlik edərək, bolqar klassik xoreoqrafiyasının inkişafında yaxından iştirak etdiyini də vurğulayıb.
Onu da qeyd edək ki, bir ay davam edən ustad dərsləri çərçivəsində Silviya Tomova Bakı Xoreoqrafiya Akademiyasının 90 illik yubileyinə həsr olunacaq Qala konsert üçün də bir sıra klassik rəqs nömrələrinə quruluş verib.




Xoreoqrafiya akademiyasinda ustad dərsləri.


13.03.2019



Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tələbələri üçün ustad dərsi keçib. Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tələbələri üçün ustad dərsi keçib. Maraqla izlənilən görüşdə Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova əvvəlcə Xalq artisti Bəxtiyar Xanızadənin yaradıcılığından və ümumilikdə Azərbaycan Dövlət Pantomima Teatrının inkişafındakı rolu barədə geniş məlumat verib. Sonra isə B. Xanzadə çıxış edərək BXA-nın professor-müəllim, tələbə heyətini salamlayıb, Bakı Xoreoqrafiya Akademiyasına ilk gəlişi olduğunu vurğulayaraq akademiya haqqında təəssüratlarını bölüşüb. Daha sonra B.Xanızadə pantomima və onun yaranma tarixindən söhbət açıb, aktyor və obraz, aktyor və rejissor münasibətləri haqqında danışıb. Sonda isə praktik məşğələdə Pantomima Teatrının aktyor heyəti və B.Xanızadə “Dejavü”, “Kişilər və qadınlar”, “Adagio”, “Underground” tamaşalarından maraqlı fraqmentlər nümayiş etdiriblər. Akademiyanın müəllim və tələbələrinin böyük marağına səbəb olan ustad dərsləri iştirakçılar tərəfindən də yüksək qiymətləndirilib.





BXA-nın müəllimləri Ukraynada ustad dərslər keçiblər


25.10.2018



Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) müəllimləri Ukraynanın Xarkov Dövlət Mədəniyyət Akademiyasında ustad dərsləri keçiblər. Milli rəqs kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli və sözügedən kafedranın müəllimi, prezident mükafatçısı Çinarə Quliyeva keçirdikləri ustad dərslərində həm şəxsi, həm də beynəlxalq təcrübəyə əsaslanıblar. Böyük maraqla qarşılanan ustad dərsləri Xarkov Dövlət Mədəniyyət Akademiyasının professor-müəllim və tələbə heyətinə Azərbaycanın milli xoreoqrafiyasına dair təcrübə qazandırıb. Eyni zamanda S. Hüseynli və Ç. Quliyeva ustad dərsləri çərçivəsində “Zapovit” Tədris xalq rəqs teatrının iştirakçılarına praktiki məsləhət də veriblər. Xarkov Dövlət Mədəniyyət Akademiyasının Xoreoqrafiya Sənəti fakültəsinin dekanı, akademik, Ukraynanın Xalq artisti, Boris Kolnoquzenko BXA müəllimlərinin keçdikləri ustad dərslərini yüksək qiymətləndirərək qeyd edib ki, Xarkov Dövlət Mədəniyyət Akademiyası bu əməkdaşlığa xüsusi önəm verir. O, müəllimlərə mütəmadi şəkildə ustad dərslərini keçməyi təklif edib. Qeyd edək ki, keçirilən ustad dərsləri ilə əlaqədar Sənan Hüseynli və Çinarə Quliyeva xatirə medalları ilə təltif ediliblər. Həmçinin B. Kolnoquzenko BXA-nın müəllimlərinə tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Görüşdə gələcək əməkdaşlıq və perspektiv yaradıcılıq layihələri müzakirə olunub. Xatırladaq ki, Boris Kolnoquzenko Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs müsabiqəsində münsiflər heyətinin üzvi olub. Sonda BXA-nın müəllimlərinə işlədikləri qurum rəhbərinə ünvanlanmış təşəkkür məktubu da təqdim olunub.




Dünya şöhrətli balet artisti Nikolay Tsiskaridze Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsi keçmişdir


27.11.2017



Ötən həftə Azərbaycanın mədəni həyatında böyük hadisə ilə yadda qalmışdır. Sankt-Peterburqdakı A.Y. Vaqanova adına Rus Baleti Akademiyasının rektoru, Rusiya Federasiyasının xalq artisti, dünya şöhrətli balet artisti Nikolay Tsiskaridze Azərbaycana səfəri çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olmuşdur. İlk öncə mötəbər qonağı Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev qəbul etdi. Rəsmi görüşdə professor T. Əfəndiyev xatırladı ki, hələ keçən il N. Tsiskaridzenin rektor olduğu Rus Baleti Akademiyası ilə imzalanmış müqaviləyə əsasən tədris səviyyəsinin qaldırılması məqsədi ilə Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Rus Baleti Akademiyasında, qarşı tərəfin müəllimləri isə BXA-da təcrübə mübadiləsində iştirak etmişlər. Bundan əlavə Bakı Xoreoqrafiya Akademiyasının kitabxanasına Tsiskaridzenin imzası ilə çoxlu sayda kitab, dərslik, dərs vəsaitləri və tədris proqramları hədiyyə edilmişdir. T. Əfəndiyev qeyd etdi ki, bunları və nəhayət ki, BXA-da Tsiskaridzenin ustad dərsi keçmək arzusunu nəzərə alaraq, Akademiyanın Elmi Şurasının qərarı ilə o, Bakı Xoreoqrafiya Akademiyasının Fəxri professoru adına layiq görülmüşdür. Bu münasibətlə T. Əfəndiyev rəsmi sənəd olan Fəxri professor diplomunu N. Tsiskaridzeyə təqdim etdi. Qonaq öz minnətdarlığını bildirərək, bu fəxri adın onun üçün böyük şərəf olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan xoreoqrafiya sənəti ənənələri ona çox yaxşı məlumdur və Azərbaycan xoreoqrafiya məktəbinin yetirmələri bu gün dünyanın ən aparıcı xoreoqrafiya üzrə təhsil ocaqlarında və səhnələrində uğurla çalışırlar. N. Tsiskaridze ayrıca vurğuladı ki, Rusiyada Azərbaycan əsilli və Bakı Xoreoqrafiya Akademiyasının məzunları olan balet artistləri kifayət qədərdir. Onlar Rusiyanın müxtəlif şəhərlərində hətta rəhbər vəzifələrdə də fəaliyyət göstərirlər. Həmçinin N. Tsiskaridze bildirdi ki, Rus Baleti Akademiyası 2018-ci ildə Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçiriləcək Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsində yaxından iştirak edəcəkdir. Rəsmi görüşdə akademiyalararası əməkdaşlığın genişləndirilməsinin zəruriliyi, müəllim-tələbə mübadiləsi və stajçekmə, tədris proqramlarının təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanaraq, tez bir zamanda birgə elm, təhsil və yaradıcılıq layihələrinin həyata keçiriləcəyi barədə razılıq əldə edildi. Professor T. Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyası tərəfindən nəşr edilən və fəxri qonağın redaksiya heyətində yer aldığı Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər siyahısına daxil olan “Sənət akademiyası” elmi nəzəri jurnalını N. Tsiskaridzeyə təqdim etdi. Rəsmi görüşdən sonra BXA-nın prorektorları, professor-müəllim və tələbə heyəti ilə görüşən N. Tsiskaridze, Akademiyanın müxtəlif təhsil pillələrində təhsil alan klassik şöbənin tələbələrinin iştirakı ilə ustad dərsi keçdi. Dərs zamanı qonaq klassik rəqs və balet sənətinin sirləri barədə nəzəri və daha çox praktik məqamlardan danışdı. Hərəkətlər, qamət, duruş, mövqe və digər vacib elementləri nümayiş etdirən N. Tsiskaridze, müəllimlərə də öz tövsiyələrini verdi. Ümumiyyətlə, qonaq və iştirakçılar ustad dərsini çox yüksək qiymətləndirdilər. Ustad dərsinin sonunda qonaq bu cür görüşlərin mütəmadi olacağına ümidvarlığını bildirərək, rəhbərlik etdiyi Rus Baleti Akademiyasının aparıcı müəllimlərinin Bakı Xoreoqrafiya Akademiyasına təcrübi və metodik köməklik göstərəcəyini bildirdi. Dərsdən sonra qonaq ona ünvanlanmış suallara cavab verdi. Görüşün sonunda xatirə şəkilləri çəkildi.




Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri Gəncə şəhərində ustad dərsləri keçmişlər


17.04.2017



12-14 aprel tarixlərində Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradova və Akademiyanın Milli rəqs kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar artisti Sənan Hüseynli Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzində Gəncə şəhəri, Göygöl, Goranboy və digər ətraf rayonların sənət ictimaiyyəti ilə görüşlər keçirmiş, mədəniyyət işçiləri, pedaqoji heyət və müxtəlif yaş qruplarına aid uşaq, yeniyetmə və gənclərə Azərbaycan milli rəqsi üzrə açıq ustad dərsləri keçmişlər. İclası giriş sözü ilə açan şuranın sədri, rektor, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev Elmi Şuranın üzvü, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevi Rusiya Rəssamlıq Akademiyası yanında V.İ.Surikov adına Moskva Dövlət Akademik Ustad dərslərində milli rəqslərimizin tarixi, ənənələri, onlara xas olan elementlər, həm də müasir dövrdə xoreoqrafiya sahəsində gedən proseslər və yeniliklər barədə məlumat verilmişdir. Görüşdə vurğulanmışdır ki, xoreoqrafiya sənətinin, o cümlədən klassik və milli rəqsin tədrisi, tədqiqi və təbliği respublikada həyata keçirilən mədəniyyət siyasətinin tərkib hissəsidir və bu siyasətin həyata keçirilməsində Bakı Xoreoqrafiya Akademiyasının müstəsna rolu var. Qeyd edilmişdir ki, peşə yönümlü fəaliyyətin təşkili və inkişafına önəm verən Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi bu kimi tədbirlərin hər il planlı şəkildə respublikanın bütün şəhər və rayonlarında keçirilməsi barədə layihələr üzərində çalışır. Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova tədbir iştirakçılarını 2017/2018-ci tədris ilində Bakı Xoreoqrafiya Akademiyasının bütün pillələrinə, o cümlədən tam orta, orta ixtisas (kollec), bakalavriatura və magistratura pillələrinə qəbul qaydaları ilə tanış edərək, mövcud və yeni ixtisaslar barədə məlumat vermişdir. Mütəxəssislər nəzəri biliklərlə yanaşı, ustad dərslərin iştirakçılarına əyani şəkildə həm elementlər, həm də rəqslər nümayiş etdirmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Silsilə tədbirlərin sonunda xalq artisti Təranə Muradova və əməkdar artist Sənan Hüseynlinin təqdim etdiyi “Naz eləmə” rəqsi tədbir iştirakçılarının rəğbətini qazanaraq, yüksək sənət nümunəsi kimi qiymətləndirilmişdir. İki günlük ustad dərslərindən sonra Bakı Xoreoqrafiya Akademiyasının rəsmilərini Gəncə şəhərinin rəhbərliyi qəbul etmişdir. Görüşdə əməkdaşlıq, sənət layihələri və perspektiv fəaliyyət müzakirə olunmuşdur.








Bakı Xoreoqrafiya Akademiyasında müasir rəqs üzrə ustad dərsləri


22.02.2017



Bakı Xoreoqrafiya Akademiyasının dəvəti ilə Akademiyanın şagird və tələbələrinin klassik və müasir rəqs sahəsində bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsi məqsədilə ingiltərəli rəqs ustası, Cənubi Okland Balet Akademiyası və Yeni Zelandiya Rəqs Məktəbinin məzunu, Yeni Zelandiya Kral Baleti Təşkilatı və Gürcüstanın Z. Paliaşvili adına Dövlət Opera və Balet Teatrının Dövlət Balet Təşkilatında peşə fəaliyyəti göstərən Vilyam Prattın 20-25 fevral 2017-ci il tarixlərində ustad dərsləri keçirilir. Ustad dərsləri çərçivəsində qonaq Akademiyanın ixtisas müəllimləri və yuxarı kurs tələbələri qarşısında çıxış edərək, klassik və müasir rəqsdə müasir meyllər və yeni üslublar barədə məlumat verdi, tələbələr xoreoqrafın göstərdiyi bəzi rəqs elementlərini maraqla müşahidə etdilər. Ustad dərsində qeyd olundu ki, dünya inkişaf etdikcə, sənət, peşəkarlıq elementləri, insanın hərəkət və ifadələri də transformasiyaya uğrayır. Bu dəyişmələr mütləq şəkildə rəqsdə də öz əksini tapır. Buna görə müasir rəqslərə yeni nəfəs gətirmək üçün ilk növbədə bütün rəqslərin əsası sayılan klassik rəqsi qoruyub saxlamaq, yaşatmaq, inkişaf etdirmək və hətta müvafiq prinsiplərə uyğun olaraq zənginləşdirmək lazımdır. Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinin Vilyam Prattla görüşündə ustad dərsi barədə fikir mübadiləsi keçirildi və xoreoqrafla gələcək əməkdaşlıq barədə müzakirələr aparıldı.






Bakı Xoreoqrafiya Akademiyasında məşhur xoreoqrafın ustad dərsləri


14.02.2017



Bakıda işgüzar səfərdə olan və Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində “Qıpçaq rəqsləri” bir pərdəli baletin səhnələşdirilməsi ilə məşğul olan Mixaylovsk Sankt-Peterburq Opera və Balet Teatrının xoreoqrafı, Rusiya Federasiyasının əməkdar artisti Sergey Moxnaçov Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri üçün ustad dərsləri keçmişdir. Ustad dərsində iştirak edən müəllim-tələbə heyəti klassik rəqsdə müasir meyllər və yeni üslublar barədə məlumat aldı və xoreoqrafın göstərdiyi bəzi rəqs elementlərini müşahidə etdilər. Ustad dərsində qeyd olundu ki, dünya inkişaf etdikcə, insanın hərəkət və ifadələri də transformasiyaya uğrayır. Bu transformasiyalar mütləq şəkildə rəqsdə də öz əksini tapır. Buna görə müasir rəqslərə yeni nəfəs gətirmək üçün ilk növbədə bütün rəqslərin əsası sayılan klassik rəqsi qoruyub saxlamaq, yaşatmaq, inkişaf etdirmək və hətta müvafiq prinsiplərə uyğun olaraq zənginləşdirmək lazımdır. Daha sonra qonağın Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi ilə görüşündə ustad dərsi barədə fikir mübadiləsi keçirildi və xoreoqrafla gələcək əməkdaşlıq barədə müzakirələr aparıldı.








Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Hacıqabulda ustad dərsləri keçiblər


22.11.2016



Azərbaycan Respublikasının şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin artırılması məqsədilə Bakı Xoreoqrafiya Akademiyasının Tam Orta Məktəbinin müdir müavini, dünya xalq rəqsləri üzrə peşəkar müəllim Kamilə Əliyeva və Klassik rəqs kafedrasının müəllimi Mehriban Nəzərova 18-19 noyabr 2016-cı il tarixlərində Hacıqabul rayonunda Hacıqabul, Sabirabad, Salyan və Biləsuvar rayonlarından olan mədəniyyət müəssisələrinin xoreoqrafiya sahəsi üzrə mütəxəssisləri üçün ustad dərsləri keçmişdir.






Bakı Xoreoqrafiya Akademiyasının müəllimlərinin ustad dərsləri

01.11.2016



Respublikanın şəhər və rayonlarında xoreoqrfiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən 28-29 oktyabr 2016-cı il tarixlərində Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Prezident təqaüdçüsü Zəminə Sadıqzadə və Fərid Əliyev İsmayıllı rayonunda İsmayıllı, Ağsu, Şamaxı, Qəbələ rayonlarında fəaliyyət göstərən müxtəlif mədəniyyət müəssisələrində çalışan rəqs müəllimləri üçün ustad dərsləri keçmişdir.