ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 BEYNƏLXALQ MÜSABİQƏ

example7



Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Bakı Xoreoqrafiya Akademiyası
Qəmər Almaszadə adına Klassik və Milli rəqs üzrə I Beynəlxalq Müsabiqə


Milli balet məktəbinin nümayəndəsi
şərqin ilk qadın balerinası Qəmər
xatirəsinə ithaf olunur.


Bakı şəhəri, May 2016

Müsabiqənin məqsədi: Milli və klassik rəqs irsinin, o cümlədən dünya xalq rəqslərinin qorunaraq nəsildən-nəslə ötürülməsi və təbliği, yetişməkdə olan gənc istedadların tanınması və bacarıqlarının nümayiş etdirilməsi. Milli balet və xalq rəqsləri məktəbinin respublika və beynəlxalq arenada təbliğidir.

Müsabiqənin şərtləri:
1. Müsabiqə Klassik və Milli rəqs istiqamətlərində 2 (iki) yaş qrupunda (oğlanlar və qızlar arasında) və 2 (iki) turda keçiriləcək.
1.1. Klassik rəqs (solo və duet kateqoriyalarında) üzrə yaş qrupları və proqram:
Kiçik yaş qrupu – 12-17 yaş arası
Böyük yaş qrupu – 18-26 yaş arası
I turda iki klassik Variyasiya və yaxud bir Pas-de-deux (duet çıxışı zamanı müsabiqə iştirakçısını müşayiət edən şəxs müsabiqədə iştirak üçün müraciət etmədiyi halda münsiflər tərəfindən qiymətləndirilməyəcək); II turda müasir xoreoqrafiya və ya neo-klassik rəqs (ifa 4 dəqiqədən çox olmamalı, repertuar 2010-cu ildən sonra bəstələnən əsərlərdən ibarət olmalıdır).
1.2. Milli rəqs (solo və ya kollektiv (ansambl 2-12 nəfərdən)) üzrə yaş qrupları və proqram:
Kiçik yaş qrupu – 12-17 yaş arası
Böyük yaş qrupu – 18-26 yaş arası
I turda qızlar üçün bir lirik və bir ritmik milli rəqs ifası, oğlanlar üçün bir sərbəst və bir ritmik milli rəqs ifası (kollektiv çıxış zamanı müsabiqə iştirakçısını müşayiət edən şəxs müsabiqədə iştirak üçün müraciət etmədiyi halda münsiflər tərəfindən qiymətləndirilməyəcək);
II tur müasir rəqs və yaxud xalq səhnə rəqsi, stilləşdirilmiş rəqs təqdim edilməlidir (ifa 4 dəqiqədən çox olmamalı, repertuar 2010-cu ildən sonra bəstələnən əsərlərdən ibarət olmalıdır). I turda uğurlu nəticə göstərən kollektiv II turda 60%-dən az olmayan heyət ilə çıxış edə bilər.
1.3. Rəqslər hər bir kateqoriya üzrə qiymətləndiriləcək. Duet və ya ansambl çıxışı zamanı ərizə-qeydiyyat formasında müvafiq qeyd aparılmalı, əks halda müsabiqə iştirakçısını müşayiət edən şəxslər münsiflər tərəfindən qiymətləndirilməyəcək. Müsabiqəyə təqdim olunan kateqoriya müsabiqənin sonunadək dəyişdirilə bilməz.
2. Müsabiqədə xarici ölkələrdən, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin şəhər (rayon) mədəniyyət və turizm şöbələrində, mədəniyyət evlərində, respublikada fəaliyyət göstərən müxtəlif rəqs kollektivlərininüzvləri müvafiq istiqamətlər, kateqoriya və yaş qrupları üzrə iştirak edə bilər. Bakı şəhər rayonlarından və regionlardan müsabiqəyə qatılacaq şəxslər 25 mart 2016-cı il tarixinə kimi müsabiqədə iştirak üçün ərizə-qeydiyyat formasını (əlavə olunur) tam doldurulmuş və imzalanmış şəkildə və müsabiqədə ifa olunacaq rəqs nömrəsinin video çəkilişini DVD formatda poçt vasitəsi ilə Bakı Xoreoqrafiya Akademiyasına (AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov 75) və yaxud müsabiqədə iştirak üçün ərizə-qeydiyyat formasını (əlavə olunur) tam doldurulmuş, imzalanmış, skan olunmuş variantda və müsabiqədə ifa olunacaq rəqs nömrəsinin video çəkilişini MP4 formatında info@bxa.edu.az e-mail ünvanına göndərə bilər. DVD və MP4 (video) seçimlərini müvəffəqiyyətlə keçən və I turda iştirak imkanını qazanan şəxslərlə əlaqə saxlanılacaq.
3. Müsabiqə iştirakçılarının və onları müşayiət edən şəxslərin Bakı şəhərində yaşamaları, qidalanmaları və digər xərcləri iştirakçı tərəfindən ödənilir. (Müsabiqənin təşkilat komitəsi yalnız qonaqların və iştirakçıların otel və biletlərinin sifarişində köməklik göstərə bilər).
4. Müsabiqə proqramının seçimi sərbəstdir. İştirakçı müsabiqədə öz konsertmeysteri ilə çıxış edə bilər. Konsertmeyster olmadığı halda müsabiqə təşkilatçıları yüksəkixtisaslı konsertmeysterlərin müşayiətini təmin edəcək. Bu halda not materialları öncədən təqdim olunmalıdır. Müsabiqə iştirakçısının disk (audio, CD, mini disk) və flash card-dan istifadə etmək hüququ var. Bu halda iştirakçı texniki nöqsanların baş verməməsi üçün musiqi materiallarını həm CD (və ya mini disk), həm də flash card-la təqdim etməlidir.
5. Müsabiqədə çıxış üçün vacib olan rekvizitlər iştrakçı tərəfindən təmin olunur.
6. Münsiflər heyətinin qərarı ilə I turu müvəffəqiyyətlə keçmiş müsabiqə iştirakçıları II turda iştirak etmək imkanını qazanacaq.Münsiflər heyəti yüksəkixtisaslı, peşəkar mütəxəssislərdən ibarətdir və heyətin qərarı təkzib olunmazdır.

Əlavə məlumat
1. Müsabiqənin keçirildiyi dövr ərzində iştirakçının Bakı Xoreoqrafiya Akademiyasının müəllim-xoreoqraflarının dərslərində iştirak etmək hüququ vardır.
2. Çıxış öncəsi hər bir müsabiqə iştirakçısına məşq imkanı yaradılacaq.

Təqdim olunan sənədlər
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 2 ədəd 13*18 ölçülü foto şəkil (1 ədəd portret, 1 ədəd rəqs kostyumunda)
3. Tam doldurulmuş ərizə qeydiyyat forması
4. Rəqs ifasının DVD (video) versiyası

Mükafat və təltif olunma qaydaları
1. Q.Almaszadə adına Klassik və Milli rəqs üzrə I Beynəlxalq Müsabiqənin qalibləri münsiflər heyətinin ümumi qərarı ilə diplom və müvafiq yerə uyğun pul mukafatı ilə mukafatlandırılacaqlar (istiqamət (klassik və milli), kateqoriya və yaş qrupları üzrə).
2. Q.Almaszadə adına Klassik və Milli rəqs üzrə I Beynəlxalq Müsabiqədə qalib olmayan iştirakçılar sertifikat və xüsusi diplomla təltif olunacaqlar.
3. Müsabiqənin “Qəmər Almaszadə” adına xüsusi təqaüdü bir il ərzində yalnız Bakı Xoreoqrafiya Akademiyasının müsabiqədə uğurlu nəticə göstərmiş tələbəsinə təqdim olunacaq.
4. Müsabiqədə, o cümlədən ən yaxşı müasir xoreoqrafiya quruluşu üzrə baletmeysterin mükafatlandırılması da nəzərdə tutulur.
5. Müsabiqənin münsiflər heyəti bütün mükafatları təltif etməmək hüququna malikdir.
6. Müsabiqə laureatları Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək Qala Konsertdə çıxış etmək hüququna malikdir.

Müsabiqənin Təşkilat Komitəsinin ünvanı və əlaqə telefonları
AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov 75, Bakı Xoreoqrafiya Akademiyası, Qəmər Almaszadə adına Klassik və Milli rəqs üzrə I Beynəlxalq Müsabiqə,
www.bxa.edu.az/ info@bxa.edu.az
+994 12 5973426, +994 12 5972379
Daha ətraflı və əlavə məlumat üçün əlaqə saxlayın.


ƏRİZƏ QEYDİYYAT FORMASI