ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 AKADEMİYA HAQQINDA


example7     Bakıda balet studiyasının mövcud olması barədə ilk məlumatlar 1922-ci ilə təsadüf edir. Bu barədə ilk sənəd – Azərbaycan SSR Xalq Maarif Komissarlığı Kollegiyasının 29 aprel 1922-ci il tarixli iclasının qərarı ilə Əli Bayramov adına Mərkəzi klubun nəzdində Balet Studiyasının açılması barədə protokoldur.
    1923-cü il avqustun 18-də Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən Bakıda ritm və rəqs studiyası açılmış və “Balet studiyası” adlandırılmışdır.
    Artıq 1929-cu ildə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən, bu studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilmişdir. Məhz bu dövrdə, 1925-1929-cu illərdə, Azərbaycanın ilk böyük ustad balerinası, xalq artisti Qəmər Almaszadə məhz burada balet sənətinin sirlərini öyrənmişlər.
    1933-cü ildə Bakı Xoreoqrafiya Məktəbində artıq 157 şagird təhsil alır və təhsil müddəti 4 ildən 9 ilə çatdırılmışdır. Opera və Balet Teatrının baletmeysteri V.A.Kononoviç məktəbin direktoru təyin edilmiş, N.R.Soboleva, T.Pavlova-Amiraqo, V.M.Yermolayev və İ.Q.Kostina kimi peşəkar kadrlar məktəbin pedaqoji kollektivinə cəlb edilmişlər. Dosent A.Muradov, Azərbaycan SSR əməkdar artistləri V.Smoltsov və İ.Arbatov kimi mütəxəssislərin fəal iştirakı sayəsində qısa müddətdə balet səhnəsi üçün mütəxəssislər hazırlanması sistemi formalaşmış, məktəbdə tədris prosesi daha da təkmilləşmiş, maraqlı tədris tamaşalarının nümayişinə başlanılmışdır. Bu tədris tamaşalarının sırasında L.Delibin “Koppeliya”, Ç.Puninin “Qozbel ata”, P.Gertelin “Meşə pərisi”, P.Çaykovskinin “Yatmış gözəl”, Ə.Bədəlbəylinin “Tərlan” baleti müvəffəqiyyət qazanmışdılar. example7
    1935-ci ildə Xoreoqrafiya Məktəbi Azərbaycan SSR Xalq Maarif Komissarları Şurasının qərarı ilə Bakı Xoreoqrafiya Texnikumu, 1962-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qərarı ilə Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Məktəbi adlandırılmışdır. Bu dövr ərzində Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərən Qəmər Almaszadə Azərbaycanın xalq artistləri Leyla Vəkilova, Rəfiqə Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, əməkdar artist Tamilla Məmmədova, Vera Tsiqnadze və digər məşhur balet ustalarını yetişdirmişdi.
    Məhz bu illərdə milli rəqs adət-ənənələrinin qorunması və təbliği, gənclərdə milli rəqsin professional öyrənilməsi hissinin aşılanması zərurətindən Bakı Xoreoqrafiya Məktəbində xalq bölməsi fəaliyyətə başlamış və bu illər ərzində Azərbaycanın xalq artistləri Xumar Zülfüqarova, Afaq Məlikova, Cəmilə Bayramova, Roza Cəlilova, əməkdar artistlər Nailə Mahmudova, Səbinə Qasımova, Elizbar Osmanov və başqaları təhsil almışlar. example7
    50-70-ci illərdə Bakı Xoreoqrafiya Məktəbini əməkdar artistlər Ramazan və Olqa Arifulinlər, Nelli Bokovets, Gülbacı Hacıyeva, Vladimir Pletnyov, Qızqayıt Xudaqulu qızı, Larisa Yeqorova, Emma Kərimova, Zərifə Abbasova, Viktoriya Dankeviç, Alina İsakzadə, Nailə Nəzirova, Rimma Məmmədova, Rüfət və Valentina Zeynalovlar, Sima Feyzullayeva, Lyubov Filippova, Ella Almazova, kimi balet ustaları bitirmişlər.
    Bakı Xoreoqrafiya Məktəbinin məzunları olmuş Azərbaycanın xalq və əməkdar artistləri yüksək ixtisaslı, professional kadrlar qismində müəyyən müddətdən sonra məktəbin pedaqoji fəaliyyətinə qoşulmuş və bu fəaliyyətin uğurlu nəticəsi məhz XX əsrin 60-70-ci illərində Azərbaycan milli balet sənətinin beynəlxalq səviyyədə təbliğ olunmağına şərait yaratmışdır.
    Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılmış və fəaliyyətə başlamışdır. 26 dekabr 2014-cü il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Akademiya ümumi təhsil (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas və ali təhsil (bakalavr, magistr, doktorantura) pillələri üzrə təhsil proqramı və əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirir. example7
    Bakı Xoreoqrafiya Akademiyasında baletmeyster sənəti, balet pedaqogikası, balet artisti, balet tarixi, teatrşünaslıq, sənətşünaslıq və digər əlaqəli ixtisas və ixtisaslaşmalar üzrə tədris aparılır. Akademiyanın klassik rəqs bölməsində Azərbaycanın görkəmli balet ustaları - Xalq artisti Kamilla Hüseynova, Əməkdar artistlər Rimma İsgəndərova, Tamilla Məmmədova, Yuri Lobaçov, Əməkdar müəllim Pulumb Aqalıu, Əməkdar mədəniyyət işçiləri Mayra Almaszadə və Lyudmila Qutlyanskaya, milli rəqs bölməsində Xalq artistləri Təranə Muradova, Yusif Qasımov, Əməkdar artistlər Səbinə Qasımova, Eteri Cəfərova, Sənan Hüseynli, Gülməmməd Şahverdiyev və başqaları elmi-pedaqoji fəaliyyətə cəlb olunmuşlar.
    Bu gün akademiyanın məzunları dünyanın ən mötəbər teatr və məktəblərində səhnə və pedaqoji fəaliyyətlə məşğuldur. Onların arasında Rusiaynın Maiinsk Teatrının solisti, beynəlxalq festival və müsabiqələr laureatı, Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov və solist Şamala Hüseynova, Rusiyanın Mariinsk teatrının Primorsk səhnəsinin baş baletmester və xoreoqrafı Eldar Əliyev və başqaları vardır.
    example7 Elmi-pedaqoji kadr potensialı sayəsində akademiyada 7 kafedra və akademiyanın ali qərarverici orqanı olan Elmi Şurası fəaliyyətə başlamışdır. Bununla bərabər akademiyanın Bədii Şurası, Elmi-Metodiki Şurası, kollec və tam orta məktəbin Pedaqoji Şuraları fəaliyyət göstərir.
    Akademiyada mütəmadi olara elmi-praktik konfranslar, respublika səviyyəsində müsabiqələr, böyük ustad sənətkarların yubiley gecelərini keçirilir, konfransların materialları nəşr olunur, tədris planları və proqramları yenidən işlənir, xoreoqrafiya sənətinin ayrı-ayrı sahələri üzrə metodiki vəsaitlər, təlimatlar və digər materiallar hazırlanır. “Elmi əsərlər”, “Magistr” topluları və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə edilən nəşrlərin siyahısına daxil edilən “Sənət Akademiyası” beynəlxalq elmi-nəzəri jurnalı nəşr olunur.
    example7 Fəaliyyət dövrü ərzində akademiya “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda respublika elmi-praktik, “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi-nəzəri, “Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət” mövzusunda respublika elmi-praktiki, “Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqu” mövzusunda elmi, “Müasir dövr humanitar sahənin elm, təhsil və yaradıcılıq problemləri üzrə elmi və elmi-tədqiqat fəaliyyətinin istiqamətləri və mühüm nəticələri” mövzusunda respublika elmi-praktiki konfranslar keçirilmişdir.
    Akademiyanın ən böyük nailiyyətlərindən biri Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə Birinci Beynəlxalq Müsabiqəsinin təsis edilməsi və keçirilməsidır. Müsabiqənin hər iki ildə bir dəfə keçirilməsi qərara alındıqdan sonar 2018-ci ildə daha geniş coğrafiyanı əhatə etməklə çox böyük uğurla ikinci beynəlxalq müsabiqə keçirilmişdir.
    example7 Akademiyanın şagird və tələbələri, o cümlədən professional müəllim heyəti ölkədə və respublikanın hüdudlarından kənarda keçirilən beynəlxalq festivallar, müsabiqələr, yubiley gecələrində, eləcə də dövlət əhəmiyyətli tədbirlərdə uğurla çıxış edirlər.
    Akademiyanın tələbələrinin gücü ilə T.Bakıxanovun “Şərq poeması”, P.Çaykovskinin “Şelkunçik”, Q.Qarayevin “Yeddi gözəl” baletləri eyni zamanda milli rəqs tədris tamaşaları ölkənin qabaqcıl səhnələrində tamaşaya qoyulub. Akademiyanın instrumental ifaçılıq ixtisası üzrə təhsil alan magistr tələbələri Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə klassik fortepiano konserti ilə çıxış etmişlər. 2018-ci ildə L.Minkusun “Don Kixot” baletinin və Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının musiqisi əsasında rəqs tamaşanın səhnələşdirilməsi uğurla həyata keçirilmişdir.
    example7 Akademiyada hər tədris ili ərzində dünyaca tanınmış balet və rəqs ustaları və pedaqoqları ustad dərsləri keçirlər. Onların arasında Rusiya Federasiyasının xalq artistləri Vladimir Vasilyev, Nikolay Tsiskaridze, əməkdar artistlər Sergey Moxnaç, Vitali Axundov, Nikolay Doroxov, pedaqoqlar Yelena Perlina, Tatyana Solomyanko, ABŞ-dan olan müasir rəqs ustası, dünyaşöhrətli Mark Morris, Belarusdan Aleksandra Tixomirova, İngiltərəli rəqs ustası Uilyam Pratt və başqaları da vardır.
    Akademiyada Rusiya, Özbəkistan, Türkmənistan, Yaponiya, Gürcüstan və digər xarici ölkələrdən tələbələr təhsil alır. Akademiya Avropa İncəsənət İnstitutları Liqasının daimi üzvü seçilmişdir.