ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında yaradıcılıq konserti

   25.04.2018

    25 aprel 2018-ci il tarixində Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin İbrahimovanın Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) yaradıcılıq konserti keçirilib. Tədbirdə Bakı Xoreoqrafiya Akademiyası, Bakı Musiqi Akademiyası və digər sənət ocaqlarının professor-müəllim heyətinin nümayəndələri iştirak edib.
    Konserti giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının baş müəllimi Lalə Hüseynli N. İbrahimovanın sənət yolu və yaradıcılığı barədə məlumat verdi, konsertin mahiyyətindən danışdı.
    Konsertdə Q. Venyavskinin ifaçılıq baxımından mürəkkəb, səslənmə baxımından isə ecazkar olan Skripka üçün 2 №-li konsertini (d-moll) təqdim edən N. İbrahimova Heydər Əliyev adına Gənc İfaçıların I Respublika müsabiqəsinin diplomantı İsmayıl Əsədovla (violin) birgə çıxış edib.
    Qeyd edək ki, Azərbaycan milli mədəniyyətində dərin iz qoymuş görkəmli şəxsiyyət, Azərbaycanın ilk Xalq artisti, musiqiçi və tarzən Qurban Primovun nəticəsi və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dövlət xadimi, akademik Mirzə İbrahimovun nəvəsi olan Nərmin İbrahimova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr və magistr pillələrində təhsil alıb, piano müəllimi və konsertmeyter ixtisasına yiyələnib. 2008-ci ildə BMA-nın doktoranturasını bitirən N. İbrahimova “Şifahi ənənəli Azərbaycan professional musiqi mədəniyyətinin inkişafında Qurban Primovun rolu” mövzusunda dissertasiya işini müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
    Bakı Musiqi Akademiyasında baş müəllim kimi çalışan N.İbrahimova eyni zamanda elmi araşdırmalarla da məşğuldur.