ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyası Yaponiya ilə səmərəli əməkdaşlığa başlayır

   05.10.2017

    Öz beynəlxalq əlaqələrini daim genişləndirən Bakı Xoreoqrafiya Akademiyası Moskva Dövlət Xoreoqrafiya Akademiyası, A.Y.Vaqanova adına Rus Baleti Akademiyası, Moskva Dövlət Mədəniyyət İnstitutu, M.K. Çürlyonis adına Litva Milli İncəsənət Məktəbi, T.Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası, Pekin Rəqs Akademiyası və A.Seleznyov adına Almatı Xoreoqrafiya Orta-İxtisas Məktəbi ilə səmərəli əməkdaşlıqdan sonra bu sahədə yeni üfüqlər fəth etməyi qarşısına məqsəd qoymuşdur. Bununla belə Şərqin incisi olan Bakı Xoreoqrafiya Akademiyasına xarici ölkələrdən də böyük diqqət və maraq vardır. Belə ki, bu günlərdə Yaponiyanın Tokio Balet Akademiyasının Beynəlxalq əlaqələr departamentinin müdiri, balet artisti və xoreoqraf Andrey Orlov Bakı Xoreoqrafiya Akademiyasının qonağı olmuşdur. Qonaq özünün məsləhəti ilə bir müddət öncə Bakı Xoreoqrafiya Akademiyasının bakalavr səviyyəsində təhsil almağı ərz edən əslən yapon olan və Yaponiyada xoreoqrafiya üzrə baza təhsili almış Tomioka Akina ilə təşrif buyurmuşdu.
   Qonağı ilk öncə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev qəbul etdi. Görüşdə Azərbaycan və Yaponiya arasında bədii təhsil və xoreoqrafiya sənəti sahəsində münasibətlər, eləcə də perspektiv əməkdaşlıq məsələləri müzakirə olundu. Rektor qeyd etdi ki, Azərbaycan bütün Şərqdə xoreoqrafiya ənənələrinə malik ilk ölkə olsa da bu sahədə Yaponiya təcrübəsi də bizim üçün böyük əhəmiyyət kəsb edir. Görüşdə noyabr ayında Bakı Xoreoqrafiya Akademiyası və Tokio Balet Akademiyası arasında Yaponiyanın paytaxtı Tokioda əməkdaşlıq haqqında müvafiq müqavilənin imzalanması barədə razılıq əldə olundu və buna görə Akademiyanın rektoru Yaponiyaya işgüzar səfərə dəvət olundu.
   Daha sonra Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradovanın müşayiəti ilə qonaq dərslərdə iştirak etdi və Akademiyanın maddi-texniki bazası ilə tanış oldu. Akademiya ilə yaxından tanış olandan sonra Azərbaycan, Bakı və qonağı olduğu təhsil kompleksi barədə öz təəssüratları ilə bölüşən qonaq qeyd etdi ki, Azərbaycana ilk gəlişidir və Bakıda gördükləri onu həqiqətən heyran edib. O, dedi ki, Bakıda qorunub saxlanılmış Şərq koloriti və yeni yaranan Qərb abu-havası hər kəsdə xoş əhval-ruhiyyə yaradır və rahatlıq hissi bəxş edir. Qonaq vurğuladı ki, Bakı Xoreoqrafiya Akademiyasındakı son təmir işləri, yaradılmış şərait və imkanlar, yaradıcılıq mühiti, eləcə də müəllimlərin peşəkarlığı, təhsilalanların kəmiyyəti və keyfiyyətli təhsil qısa müddət ərzində Bakı Xoreoqrafiya Akademiyasının dünyanın ən aparıcı xoreoqrafiya akademiyaları ilə bir sırada dayanmasına şərait yaradacaqdır. A. Orlov sevinc hissi ilə qeyd etdi ki, Bakı Xoreoqrafiya Akademiyası haqqında, onun məzunları və nailiyyətləri barədə kifayət qədər məlumatlıdır və Tomioka Akinanın xoreoqrafiya üzrə təhsilini davam etməsi üçün Bakı Xoreoqrafiya Akademiyası ən uğurlu seçimdir. Qonaq Bakı Xoreoqrafiya Akademiyasının bir əsrə yaxın təhsil və sənət ənənələrinin olduğunu nəzərə alaraq, gələcəkdə səhnədə tərəf müqabili olacaq Akinanın Bakı Xoreoqrafiya Akademiyasında yüksək ixtisaslı kadr kimi yetişməsinə əmin olduğunu bildirdi.