ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında Bədii Şuranın geniş iclası keçirilmişdir

   02.09.2017

    Sentyabrın 28-də Bakı Xoreoqrafiya Akademiyasında Bədii Şuranın geniş iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Bədii Şuranın sədri, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyev, Akademiyanın ötən 2016/2017-ci tədris ilində qazandığı yaradıcılıq uğurlarından danışdı. O, qeyd etdi ki, Akademiyanın 90 illik inkişaf yolu ərzində uğurları çox olsa da, son üç il ərzində, yəni təhsil müəssisəsi akademiya statusu aldıqdan sonra burada elm, təhsil və yaradıcılıq sahəsindəki uğur və müvəffəqiyyətlər dəfələrlə artmışdır. Bu da ilk öncə dövlətin Akademiya qarşısında qoyduğu vəzifələrin tam olaraq yerinə yetirilməsi, Akademiya rəhbərliyinin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi, eləcə də ilbəil yüksəkixtisaslı kadrların Akademiyanın müəllim-professor heyətində təmsil olunması və şagird-tələbə kontingentinə daha bacarıqlı və istedadlı uşaq və gənclərin cəlb olunması ilə bağlıdır.
   Daha sonra Bədii Şuranın gündəliyi təsdiq olundu və iclas öz işinə başladı. İlk öncə Bakı Xoreoqrafiya Akademiyası təhsil kompleksinin hər bir təhsil pilləsində 2016/2017-ci tədris ili üçün ixtisas fənləri üzrə imtahanların nəticələri və yaradıcılıq işləri, eləcə də xoreoqrafiya sənəti üzrə tələbələrin təcrübəsi haqqında hesabatlar dinlənildi. Qeyd olundu ki, həm imtahan nəticələri, həm də yaradıcılıq işlərinin həyata keçirilməsində müsbət dinamika müşahidə olunur. Ötən tədris ili ərzində iki dünya şöhrətli klassik əsərin - P. İ. Çaykovskinin “Şelkunçik” və Q. Qarayevin “Yeddi gözəl” baletlərinin, eləcə də iki beynəlxalq layihənin - “Azərbaycan –Yurdum mənim” və “Səmayi-Şəms” rəqs-tamaşalarının hazırlanıb geniş tamaşaçı auditoriyasına təqdim edilməsi ilə Bakı Xoreoqrafiya Akademiyası nəinki ölkə, eləcə də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilmişdi.
   Hesabatlardan sonra 2017/2018-ci tədris ili üçün cari və perspektiv planlar müzakirə olundu. Qeyd olundu ki, tədris ili ərzində nəzərdə tutulan işlər arasında Akademiyada dünyanın tanınmış müəllim-xoreoqrafları və baletmeysterlərinin ustad dərslərinin təşkili, Akademiyanın yüksək ixtisaslı müəllimlərinin xaricdə ustad dərslərinin keçirilməsi, öncədən bağlanmış müqavilələrə əsasən xarici sənət ali təhsil müəssisələri ilə yaradıcılıq mübadiləsinin aparılması, yaradıcılıq ezamiyyələrinin gerçəkləşdirilməsi, xarici təcrübənin öyrənilməsi, dünya klassik xoreoqrafiya irsinə daxil olan əsərlərin Akademiyanın şagird və tələbələrinin iştirakı ilə səhnələşdirilməsi və nəhayət, nəinki Azərbaycan, həmçinin böyük coğrafi məkan üçün böyük əhəmiyyət kəsb edən Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə II Beynəlxalq Müsabiqənin keçirilməsi Akademiya qarşısında duran ən mühüm vəzifələrdəndir. Şura sədri vurğuladı ki, bu müsabiqə Akademiyanın ən mötəbər tədbirlərindən biridir. Bu dəfə müsabiqəyə daha ciddi hazırlaşmalı, iştirakçı ölkələrin sayı daha çox olmalı, münsiflər heyətinin tərkibi dünya şöhrətli peşəkar xoreoqraf və rəqs ustalarından ibarət olmalıdır. İclasın sonunda Bədii Şurada təmsil olunan respublikamızın tanınmış sənət adamları, xalq və əməkdar artistləri Akademiyanın fəaliyyətinin daha səmərəli olmasını nəzərdə tutan təklifləri ilə çıxış etdilər.