ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında “Bilik günü” ilə əlaqədar toplantı keçirildi

   15.09.2017

    Bakı Xoreoqrafiya Akademiyasında “Bilik günü” və yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq 15 sentyabr tarixində Akademiyanın akt zalında toplantı keçirilmişdir. Toplantıda Akademiyanın rektoru əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, professor Ədalət Vəliyev, Akademiyanın müəllim-professor və tələbə heyətləri iştirak etmişdir.
    Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad olunması ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev ilk öncə tələbələri yeni tədris ili münasibətilə təbrik etdi, onlara dərslərində uğurlar dilədi. Rektor bildirdi ki, bu gün Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində Akademiya yeni inkişaf mərhələsinə qədəm qoymuşdur: zəruri təmir işləri aparılmış, yüksək səviyyəli professor-müəllim heyəti, o cümlədən, 20-dən artıq elmlər doktoru, professor, xalq və əməkdar artistləri, görkəmli sənət adamları tədris prosesinə cəlb olunmuş, tədris prosesi özü isə beynəlxalq standartlara uyğun qurulmuşdur. Onlarla xarici mütəxəssis Akademiyada ustad dərsləri keçmiş, tarixdə ilk dəfə klassik və milli rəqs üzrə beynəlxalq müsabiqə keçirilmiş, Akademiyanın rəsmi nəşri “Sənət Akademiyası” jurnalı Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmişdir. Təhsilin bütün pillələrini özündə ehtiva edən Akademiyada şagird və tələbələrin təhsil, elm və yaradıcılıq işləri üçün bütün zəruri şərait yaradılıb. Qeyd olundu ki, 2017-2018-ci tədris ilində Akademiyada xoreoqrafiya sənəti, instrumental ifaçılıq, sənətşünaslıq, teatrşünaslıq və prodüserlik ixtisasları ilə yanaşı, yeni açılmış rəqs müəllimliyi, musiqi müəllimliyi, xalq çalğı alətləri ifaçılığı və musiqişünaslıq ixtisasları üzrə kadr hazırlığı aparılacaqdır. Rektor vurğuladı ki, 90 illik təcrübəsi olan Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi bundan sonra da qarşısına qoyulan məqsədlərə nail olacaq, Azərbaycanda xoreoqrafiya və onunla əlaqəli digər sənət sahələri üzrə müxtəlif təhsil pillələrində professional və yüksəkixtisaslı kadrlar hazırlayacaqdır. Bunun üçün həm yerli kadr imkanlarından, həm də beynəlxalq təcrübəli xarici kadrlardan istifadə olunması planlaşdırılır. Əlamətdar haldır ki, Akademiyaya xarici ölkələrdən də maraq artıb. Bunun bariz nümunəsi Akademiyada əcnəbi tələbələrin təhsil almasıdır.
    Tədbirin davamında çıxış edən mədəniyyət və turizm nazirinin müavini, professor Ədalət Vəliyev son 2 il ərzində xoreoqrafiya sahəsindəki uğurlardan danışarkən, qeyd etdi ki, çox az bir müddət ərzində öz uğur və nailiyyətləri ilə Bakı Xoreoqrafiya Akademiyası Respublikanın aparıcı ali təhsil müəssisələri sırasına daxil olmuşdur. Nazir müavini Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində təkcə milli kadrların deyil, xaricdən dəvət olunan mütəxəssislərin də tədris prosesinə cəlb olunmasını sevindirici hal olduğunu, bundan sonra da Mədəniyyət və Turizm Nazirliyinin Akademiyanın inkişafı üçün əlindən gələni edəcəyini bildirdi.
    Tədbirin sonunda Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi adını qazanmış gənclərə tələbə bileti və müvəffəqiyyət kitabçalarının təqdimatı keçirildi.