ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



REKTOR

    Əfəndiyev Timuçin İlyas oğlu 1945-ci ildə anadan olmuş, orta məktəbi bitirdikdən sonra 1963-cü ildə BDU-ya daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Respublika Gənclər Təşkilatında çalışmışdı. 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuşdur. 1972-ci ildə aspiranturanı bitirərək «Hüseyn Cavidin yaradıcılığı» mövzusunda dissertasiya müdafiə etmiş və elmlər namizədi adını almışdır. Bundan sonra Timuçin Əfəndiyev Azərbaycan EA-da elmi katib vəzifəsində çalışmışdır.
    1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim, sonra dosent vəzifəsini tutmuş, 1978-ci ildən 1987-ci ilə qədər fakültə dekanı olmuşdur. 1987-ci ildən 2014-cü il may ayının 2-nə qədər Timuçin Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub. Bu ali təhsil ocağı Timuçin Əfəndiyevin rəhbərliyi dövründə ali kateqoriyaya layiq görülərək 1991-ci ildə Universitet statusu almışdır. Azərbaycan Respublikasının Prezidentinin 30 aprel 2014-cü il tarixli, 419 saylı Sərəncamına əsasən Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılmış və ölkə prezidentinin 26 dekabr 2014-cü il, 962 saylı Sərəncamı ilə əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, professor Timuçin İlyas oğlu Əfəndiyev Akademiyanın rektoru təyin edilib.
    1987-ci ildə o, professor elmi dərəcəsinə layiq görülmüş, «Romantik dramaturgiyada tarixilik və bədiilik» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onlarla elmi tədqiqat əsərlərinin, kitabların və moqrafiyaların, o cümlədən 300-dən artıq məqalənin müəllifidir.
    Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafındakı xidmətlərinə görə Timuçin Əfəndiyev 2000-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, 2005-ci ildə isə «Şöhrət» ordeni ilə təltif olunmuşdur.
    Elmin inkişafına görə 2013-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, Azərbaycan Respublikasının Prezidentinin 01 sentyabr 2015-ci il tarixli, 1384 saylı Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Timuçin İlyas oğlu Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
    İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik mərkəzi professor Timuçin Əfəndiyevi «2005-ci il dünyanın aparıcı pedaqoqu» nominasiyasında fəxri ada layiq görmüşdür. O, nüfuzlu «Humay» mükafatının, akademik Yusif Məmmədəliyev adına mükafatın laureatıdır. Professor Timuçin Əfəndiyev Azərbaycan Teatr Xadimləri İttifaqının qızıl medalına layiq görülmüşdür. «Jurnalistlərin dostu» fəxri media diplomu ilə (2005), təltif olunmuşdur.
    Azərbaycan Teatr Xadimləri İttifaqının (1972), Yazıçılar İttifaqının (1975), Azərbaycan Rəssamlar İttifaqının (2013), Beynəlxalq Humanitar Avropa-Asiya Akademiyasının həqiqi üzvü seçilmişdir (2013).